Din Araşdırmaları Jurnalının növbəti sayı yayımlanıb

08 Fevral, 2024

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) elmi fəaliyyətinin əsas göstəricilərindən biri olan Din Araşdırmaları Jurnalının növbəti sayı elektron formada dərc edilib.

Jurnalın bu sayına məqalə qəbulu ilk dəfə rəsmi internet saytı vasitəsilə (https://journal.ait.edu.az/daj) elektron formada aparılıb və dərc edilib. Fəlsəfə, təfsir və tarix kimi bölmələrdə yer alan elmi məqalələr öz sahəsinin peşəkar və nüfuzlu tədqiqatçıları tərəfindən təqdim edilib.

Jurnalın əsas məqsədi psixologiya və fəlsəfə üzrə, o cümlədən dinin tarixi, fəlsəfəsi, din sosiologiyası və din psixologiyası üzrə Azərbaycan, rus, ingilis, türk və ərəb dillərində hazırlanmış müstəqil tədqiqatları məqalə və resenziya kimi dərc edərək, beynəlxalq aləmdə bu istiqamətdə məlumatların, araşdırmaların artmasına töhfə verməkdir.

Din Araşdırmaları Jurnalının redaksiya heyətinin üzvləri Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, Pakistan, Qazaxıstan, İran və İsveçrə kimi ölkələrdə fəaliyyət göstərən nüfuzlu alimlərdən ibarətdir. Bu alimlər tərəfindən jurnala daxil olan məqalələrə anonimlik qorunmaqla rəy verilir.

Qeyd edək ki, elmi nəşrə göndərilən və qəbul edilən məqalələr üçün heç bir ödəniş tələb olunmur. Məqaləsi nəşr olunan hər bir müəllif jurnalın çap nüsxəsindən hər hansı ödəniş etmədən redaksiyadan əldə edə bilər. Jurnalda dərc olunan hər məqalə üçün DOI (Digital Object Identifier) təsisçi tərəfindən təmin edilir.

Müəllif məqaləsini göndərmək üçün Din Araşdırmaları Jurnalının saytında qeydiyyatdan keçərək (https://journal.ait.edu.az/daj/user/register), şəxsi kabinet yaratmalıdır. Məqalələr yalnız sayt üzərindən qəbul edilir.

Təsisçisi Azərbaycan İlahiyyat İnstitutu olan Din Araşdırmaları Jurnalı Ali Attestasiya Komissiyasının elmi jurnallar qarşısında qoyduğu tələblərə və beynəlxalq standartlara uyğun şəkildə ildə iki dəfə nəşr olunur və elektron formada yayımlanır.

Məlumat üçün bildirək ki, Din Araşdırmaları Jurnalı 2020-ci ildən AAK tərəfindən fəlsəfə və psixologiya üzrə elmi məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısına daxil edilib.

alt menü