Azərbaycan İlahiyyat İnstitutunun tələbələri Heydər məscidini ziyarət ediblər

20 Dekabr, 2019

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) tələbələri Ulu Öndər Heydər Əliyevin adını daşıyan Heydər məscidini ziyarət ediblər.

Tələbələrə məscidin inşası və fəaliyyəti haqqında geniş məlumat verilib. Qeyd olunub ki, Cənubi Qafqazın ən böyük məscidi olan Heydər məscidi Prezident cənab İlham Əliyevin tapşırığı ilə inşa edilib. 2014-cü il dekabrın 26-da istifadəyə verilən ibadətgah 12 min kvadratmetr ərazidə tikilib. Dörd minarəsi olan məsciddə dindarların sərbəst şəkildə ibadət etmələri üçün hər cür şərait yaradılıb.

Daha sonra tələbələrə Heydər məscidində təşkil olunan Vəhdət namazı haqqında bəhs edilib. Bu ibadətin, artıq ənənə halı aldığı vurğulanıb. Bildirilib ki, mərasimdə məzhəbindən asılı olmayaraq, bütün müsəlmanlar bir araya gələrək birlikdə namaz qılır, dualar edirlər. Bu isə dini dözümsüzlüyün, irqi ayrı-seçkiliyin və islamofobiyanın geniş yayıldığı müasir dövrümüzdə bütün dünyaya həmrəylik və sülh mesajıdır. Bu mesaj tolerantlıq və multikulturalizm mərkəzi olan Azərbaycanın bütün dünyada nüfuzunun daha da artmasına xidmət edir.

Ziyarət zamanı Heydər məscidinin axund müavini Rza Rzayev, axund köməkçisi Cəfər Cəfərov və imamlar – Abbasov Hafiz, Qarayev Rüfət tələbələrlə müxtəlif mövzular ətrafında müzakirələr aparıb, onları maraqlandıran sualları cavablandırıblar.

Aİİ tələbələrin dünyagörüşünün formalaşdırılması, onların intellektual səviyyəsinin, mənəvi dünyasının zənginləşdirilməsi, vətənpərvərlik hisslərinin gücləndirilməsi, sosial məsuliyyət vərdişlərinin aşılanması, o cümlədən, fərdi özünüifadə bacarıqlarının inkişaf etdirilməsi istiqamətində ardıcıl tədbirlər təşkil edir. Bu məqsədlə ali təhsil müəssisəsi İnstitut tələbələri üçün Cocuq Mərcanlı kəndində inşa edilmiş Şuşa şəhərindəki Gövhər ağa məscidinin bənzəri olan kənd məscidinə; Avropa və Gürcüstan yəhudilərinin sinaqoquna; Qəbələnin Nic kəndində yerləşən Alban kilsəsinə, Şamaxıda təşkil olunan “Qış məktəbi” layihəsi çərçivəsində Dəmirçi kənd məscidinə və Qafqazın ən qədim dini ocaqlarından biri Şamaxı Cümə məscidinə, Qubada fəaliyyət göstərən “Səkinə xanım”, “Cümə məscidi”, “Ərdəbil”, “Hacı Cəfər” məscidlərinə ziyarətlər təşkil edib.

alt menü