Azərbaycan İlahiyyat İnstitutunun rektoru Avropa Şurası İşçi qrupunun iclasında iştirak edib

18 Mart, 2021

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru Aqil Şirinov Avropa Şurası İşçi qrupunun iclasında iştirak edib.
İclas “Bluejeans” platforması vasitəsilə onlayn formada keçirilib.
Avropa Şurasınıın “Qeyri-ayrı-seçkilik, müxtəliflik və inklüzivlik” üzrə Rəhbər Komitəsinin (Committee on Anti-Discrimination, Diversity and Inclusion) tərkibində “Mədəniyyətlərarası inteqrasiya” (Working Group on Intercultural Integration) İşçi qrupunun üçüncü görüşü 16-17 mart 2021-ci il tarixdə keçirilib. Görüşdə Azərbaycanı İşçi qrupun üzvü kimi, Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov təmsil edib.
İclasda Avropa Şurasının nümayəndələri İvana Delesandro (Ivana D`alessandro) və İrena Quydikova (Irena Guidikova), həmçinin 10 üzv ölkənin təmsilçiləri, 10 ölkənin məhəlli idarələrinin üzvləri və mədəniyyətlərarası inteqrasiya sahəsində mütəxəssislər olmaqla 38 nəfər iştirak edib.
Görüşün əvvəlində İşçi qrupun sədri Pia Buhl Girolami iştirakçıları üçüncü tədbirin proqramı ilə tanış edərək, sözü İrqçilik və Dözümsüzlüyə qarşı Avropa Komissiyasının (the European Commission against Racism and Intolerance) sədri Maria Maroudaya vermişdir. M.Marouda çıxışında sivil cəmiyyətlərdə tolerantlığın və mədəniyyətlərarası inteqrasiyanın əhəmiyyətindən bəhs edib. Daha sonra onunla İşçi qrupun üzvləri arasında fikir mübadiləsi aparılıb.
Görüşdə müxtəlif layihələr üzrə müzakirələr baş tutub, Avropa Şurasının “Qeyri-ayrı-seçkilik, müxtəliflik və inklüzivlik” üzrə Rəhbər Komitəsinin sədri Triantafillos Loukarelis ilə İşçi qrupun üzvləri arasında fikir mübadiləsi keçirilib.

alt menü