Azərbaycan İlahiyyat İnstitutunda “İctimai həmrəyliyin möhkəmlənməsində bayramların rolu” mövzusunda vebinar keçirilib

19 Mart, 2021

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “İctimai həmrəyliyin möhkəmlənməsində bayramların rolu” mövzusunda vebinar keçirilib.
“ZOOM” platforması üzərindən təşkil olunan vebinarda Aİİ-nin rəhbər heyəti, müəllimləri və tələbələri iştirak ediblər.
Aİİ-nin rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov vebinar iştirakçılarını salamladıqdan sonra, qarşıdan gələn Novruz bayramı münasibətilə təbriklərini çatdırıb. Rektor 44 günlük Vətən müharibəsində şəhid olanların xatirəsini yad edib, onlara Allahdan rəhmət diləyib.
Novruz bayramının pandemiya dövrünə təsadüf etdiyini vurğulayan rektor bayramlaşma zamanı xüsusi karantin rejiminin qaydalarına riayət etməyə səsləyib. O, həmçinin bayramların, xüsusən Novruz bayramının cəmiyyətdə birləşdirici funksiya icra etdiyini vurğulayıb.
“İctimai həmrəyliyin möhkəmlənməsində bayramların rolu” mövzusunda çıxış edən Aİİ İslamşünaslıq kafedrasının dosenti, ilahiyyat üzrə fəlsəfə doktoru Aslan Həbibov müxtəlif səmavi dinlərdə qeyd olunan mərasimlər haqqında ətraflı məlumat verib. Bayramların milli və dini baxımdan funksiyalarına aydınlıq gətirib, onların əhəmiyyəti və cəmiyyətdə rolundan bəhs edib.
A.Həbibov daha sonra birlik və bərabərlik əsasında qurulmuş bütün bayramların öyrətmə, birləşdirmə, paylaşma, həmrəylik, səadət və xoşbəxtlik gətirən funksiyalarından ətraflı söz açıb.
Vebinar maraqlı müzakirələrlə davam edib.

alt menü